Avropa İttifaqının dəstəyi

Avropa İttifaqının dəstəyi

Avropa İttifaqı 2017-ci ildən başlayaraq, Azərbaycan Respublikasında mediasiyanın inkişafını təşviq etmək üçün müxtəlif layihələr həyata keçirmişdir.


2017-2018-ci illərdə Avropa İttifaqı tərəfindən “Mediasiya sisteminin müasirləşdirilməsi ilə 2016-cı il üzrə İllik Fəaliyyət Proqramının həyata keçirilməsinə hazırlıq işlərində Azərbaycan Hökumətinin dəstəklənilməsi” adlı layihə həyata keçirilmiş, layihə çərçivəsində Azərbaycan Respublikasında mediasiyanın vəziyyəti, ona tələbat təhlil edilmiş, müvafiq strategiyalarla bağlı tövsiyələr hazırlanmışdır.


Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, 1 milyon avro dəyərindəki  “Mübahisələrin Alternativ Həlli və əhaliyə hüquqi yardım göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin institusional potensialının artırılması” adlı layihənin açılış mərasimi 4 noyabr 2019-cu il tarixdə keçirilmişdir.


Qeyd edilən Layihənin həyata keçirilməsi ilə bağlı Avropa İttifaqı tərəfindən müsabiqə keçirilmiş, müsabiqə nəticəsində Belçikanın İCE (İnternational Consulting Expertise) şirkətinin rəhbərlik etdiyi beynəlxalq konsorsium qalib gəlmiş, konsorsium tərəfindən müvafiq ekspertlər təyin edilmişdir. Layihə çərçivəsində mediasiya sahəsində strategiyanın müəyyən edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, Mediasiya Şurasının yaradılması ilə bağlı dəstəyin verilməsi, təlimlərin keçirilməsi, mediasiyanın təbliği, həmçinin, kiçik tələblərin mühakiməsi və hüquqi yardımın göstərilməsi ilə bağlı strategiya və qanunvericiliklə bağlı tövsiyələrin verilməsi nəzərdə tutulmuşdur. Layihə çərçivəsində Mediasiya Şurasının yaradılması və strategiyanın müəyyən edilməsi məqsədilə aidiyyəti dövlət və ictimai qurumların iştirakı ilə işçi qrup yaradılmış və Mediasiya Şurası təsis edilmişdir.


Hazırkı veb-səhifə də qeyd edilən layihə çərçivəsində maliyyələşdirilmişdir.