Tez-tez soruşulanlar

  • Mediasiya nədir?

    Mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı Qanunla müəyyən olunan prosesdir.

    Mediasiya prosesinin tətbiqi məcburi və ya könüllü ola bilər. 1 yanvar 2021-ci il tarixindən etibarən ailə, əmək və kommersiya mübahisələri üzrə məhkəmə prosesinə başlamadan əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək məcburi olacaqdır. Digər məhkəmə işlərində mediasiya prosesini tətbiqi tərəflərin razılığı ilə müəyyənləşdiriləcəkdir.

    Mediasiya prosesi könüllü və ya məcburi başlamasından asılı olmayaraq könüllü xarakterə malikdir. Tərəflər istənilən anda prosesi davam etdirməkdən imtina edə bilərlər.

  • Necə mediator olmaq olar?

    Ali təhsilə malik olan, 25 yaşı tamam olmuş, ən azı 3 illik iş stajına malik olan şəxslər Ədliyyə Akademiyasında mediatorların ilkin hazırlığı üzrə təlimdə iştirak etməlidirlər. Təlimi uğurla tamamlayıb, müvafiq sertifikat əldə etmiş şəxslər Mediasiya Şurasının üzvlüyünə qəbul olmaqla bağlı ərizə ilə müraciət edərək mediator ola bilərlər. Qanunvericiliyin tələblərinə cavab verən şəxslər yalnız Mediasiya Şurasının üzvlüyünə qəbul olunduqdan sonra mediasiya fəaliyyəti ilə məşğul ola bilərlər.

  • Necə Mediasiya təşkilatı yaratmaq olar?

    “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən, Mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə, mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan, bu Qanunla və ya tərəflərin razılığı ilə müəyyən edildiyi hallarda mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, habelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirlər həyata keçirən hüquqi şəxsdir.“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmış hüquqi şəxs mediasiya təşkilatı ola bilər.Hüquqi şəxs Mediasiya Şurasının üzvlüyünə qəbul edildiyi andan mediasiya təşkilatı kimi fəaliyyət göstərmək hüququ əldə edir. Mediasiya Şurasının üzvlüyünə qəbul edilməsi üçün hüquqi şəxsin ən azı iki mediatorla (onlardan əz azı biri ali hüquq təhsilli olmalıdır) əmək müqaviləsi olmalıdır;mediator tərəfindən göstərilən mediasiya xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi üçün təsdiq olunmuş qaydaya malik olmalıdır; istifadəsində ən azı iki otaqdan ibarət ofisi olmalıdır.