Məcburi olaraq ilkin mediasiya sessiyası tələb olunan işlər üzrə prosedurun sənədlərinin nümunələri
Mediasiya barədə təklif sənədinin nümunəsi: İlkin mediasiya sessiyası zamanı iddia qaldırmaq istəyən tərəf digər tərəfə mediasiya prosesinin tətbiqi barədə yazılı formada təklif göndərir.
Mediasiya barədə razılıq: Tərəflər mediasiya (mediator və digər şərtlər) barədə razılığa gəldikdə, birlikdə 2.B-dəki sənəd formasını doldurub, imzalayıb, mediatora müraciət edirlər.
Cavabın və ya mediasiya barədə razılığın olmaması və ya imtina: Yuxarıda 1-ci bənddəki təklif digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, istənilən tərəf mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatına müraciət edə bilər. Həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatına və ya aidiyyəti məhkəməyə müraciət edə bilər.
Mediasiya təşkilatına müraciət sənədinin nümunəsi: Qarşılıqlı razılıq olduqda, yuxarıdakı 2-ci bəndə uyğun olaraq, tərəflər birlikdə, olmadıqda isə tərəflərdən biri bu formanı dolduraraq, mediatora (qarşılıqlı razılıq olduqda) və ya mediasiya təşkilatına müraciət edir.
Tərəflərə mediasiya sessiyası barədə bildiriş (dəvət) sənədinin nümunəsi: Mediasiyanın vaxtı müəyyən edildikdən və mediator təyin edildikdən sonra tərəflərə mediator və ya mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyası barədə bildiriş (dəvət) təqdim edilir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bildiriş (dəvət) tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
Hazırlıq mərhələsi: Mediator ilkin mediasiya sessiyası üçün işi və tərəfləri öyrənir, təşkilati məsələləri həll edir.
İlkin mediasiya sessiyası (İ.M.S.): Təyin edilmiş tarix və vaxtda mediator ilkin mediasiya sessiyasını təşkil edir.
İlkin mediasiya sessiyasında iştirak edilməməsi arayışının nümunəsi: tərəflərdən biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı hazırlayaraq, həmin şəxslərə təqdim edir.
İlkin mediasiya sessiyasında sonra prosesin davam etdirilə bilməməsi arayışının nümunəsi: Tərəflər ilkin mediasiya sessiyasında iştirakdan sonra tam mediasiya sessiyasında iştirak etmək istəmədikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir.
Mediasiyanın tətbiqi barədə müqavilə və (əgər varsa) Xidmət Müqaviləsinin nümunəsi: Tərəflər tam mediasiya sessiyasında iştirak barədə razılaşdıqda, onlarla sonra Mediasiyanın tətbiqi barədə müqavilə və (əgər varsa) Xidmət Müqaviləsi, və ya hər iki müqaviləni ehtiva edən qarışıq müqavilə imzalanır.
Tam mediasiya prosesi: Tərəflərlə razılaşdırılmış tarix və ya tarixlərdə onlar arasında növbəti mediasiya sessiyaları təşkil edir.
Mediasiya prosesinə xitam barədə protokolun nümunəsi: Mediasiya prosesinin nəticəsində, barışıq əldə edilməzsə, mediasiya prosesinə xitam verilməsi barədə protokol tərtib edilir.
Barışıq sazişi və (əgər varsa) mediasiyaya xitam barədə protokolun nümunəsi: Tərəflər arasıda barışıq əldə edilərsə, barışıq sazişi və (əgər varsa) mediasiya xitam verilməsi barədə protokol tərtib edilir.